Reklam verin!
Yuma Ailə Jurnalı
Bu dünyadan dəli könül,
Qaçmağa bir yer axtarır.
Üz sürtməyə Kə'bə daşı,
Üz tutmağa pir axtarır.

Fələyin ürəyi daşdı,
Başıma min oyun açdı.
Qəlbim ümidə möhtacdı
Bir tapanda, bir axtarır.

Düşüb dərdin kəməndinə
Sığıb-sığışmır bəndinə
Öz gününə, öz dərdinə
Ağlayan bir el axtarır.

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:30 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 94

Havada nə soyuq var,
nə şaxta, nə qar
İsti ocaq qırağında
üstümə gəlir
buz kimi soyuq dar-divar.
Üşüyürəm,
tənhalığın soyuğudur
üşüdən məni.
Üşütməsin belə soyuq,
belə sazaq
bir kimsəni.

Açar sözlər: tənhalıq lirik-şeir 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:29 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 84

Asta-asta
çökür qaranlıq...
İxtiyar-ixtiyar
nəfəs alır təbiət,
qarışır şər.
Darıxıram
olmayan qədər.

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:28 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 90

Pəncərədən
asılıb qalan
baxıb-baxıb
yorulan baxışlarım...
keçdi günlər boz, sarı
keçdi illər...
keçdi ömrün qatarı
gəlmədi
bu dünyanın
mən gözləyən baharı.

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:28 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 95

Alar xatirələr öz ağuşuna,
Bir kövrək bayatı olaram yenə.
Dönərəm bir dəli yaz yağışına,
Axıb dəryalara dolaram yenə.

Yoxuşlar adlayıb, enişlər gəzib,
Tikanlar tapdayıb, qanqallar əzib,
Payız çiçəyi tək sazağa dözüb
Bahar həsrətiylə solaram yenə.

Demirəm küskünəm doğmadan, yaddan,
Ancaq təkbaşına çıxmışam oddan
Döndərib üzümü bu məxluqatdan
Dörd divar içində qalaram yenə.

Açar sözlər: küsgünlük mətinlik tənhalıq 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:26 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 87

Axar hara aparırsa
o tərəfə axanda
sərbəstliyim,
taxtım-tacım.
Huyuxub adamlardan
içimə sığınanda
ehtiyacım,
əlacım.
Gündüzlər düzü-dünyanı,
gecələr soyuq divarları
üstümə yeridən,
məni didən
ağrım-acım,
Tənhalığım…
özüm asdığım
dar ağacım.

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:26 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 87

Bu bahar anamsızam
Yer, göy canlandı bu bahar
mən cansızam.
Bu bahar bənzəmədi əvvəlkilərə
Girmədi ürəyimə bu bahar
Qarışıb sularına
göz yaşım axdı...
Qarışmadım bu bahara uzaqdan baxdım...

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:25 | Bölməsiz | Şərhlər(1) | Baxış sayı: 86

Bu dünyanın üzümə
asta-asta qımışıb
xoş gələn
vaxtlarıydı.
Nə istəsəm,
nə desəm
nazımı çəkə-çəkə
verirdin
vaxt var idi.
İndi də nəzərimdə
sən ucasan, sən Pirsən.
bir ildir anasızam
anamı istəyirəm,
ATA,
verə bilmirsən.

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:24 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 86

Bura təbiətin əl boyda
bir bucağı,
balalarımın ata ocağı.
Bu ocağın
varı-yoxu xatirələr…
Bu ocaqda
sevgi dolu günlərimin
sevinci var.
Sevdiyimin gözü ilə baxır mənə
bu dər-divar.
Burda sağdır
gözlərimdə ölən eşqim.
İllərin o üzündən
qulağıma gəlir birdən
şaqraq səsim.
Bura mənim
son sığınacağım
daş qəfəsim.

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:23 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 78

Ələnir quşbaşı qar…
Göylərin ağ yuxusu,
dərdli bir ürəyin
ağrısı.
Qərib axşamda,
Qərib bir taledən
baxıram.
Yağan qarın üzünə
tənha, bəyaz
bir ürəklə çıxıram.
Ay yağan qar,
könlümə çıraq tutdun.
Unutdum özümü,
dərdlərimi
Ovutdun məni, ovutdun.

Açar sözlər: qar lirika hüzur 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:22 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 84

Qabaqki yazılar

« Əvvəlki səhifə   Yazılar cəmi: 33    Sonrakı səhifə »