Ömür-gün savaşında hamımız bir qədər dəyişmişik. Dünyadırmı, dövrandırmı, həyatdırmı bizi belə dəyişən?
Bir az içərisində olduğumuz cəmiyyət dəyişib, bir az da özümüz...
Bu dəyişən aləmdə zərif olduğu qədər də möhkəm və dəyişməz qalan bir qadının təbiəti nə qədər zərif sirlərlə dolu imiş...
Məhz zərif sirlər! Yalnız zərif qadın qəlbinin zinəti, sərvəti ola biləcək qədər zərif sirlər! Onların ünvanı sıralarımızdan biri, çox sadə, təvazökar, ilk baxışdan başqalarından heç nə ilə fərqlənməyən Xatirə Fərəclinin şeirləridir. Hər birimizin oxuya biləcəyimiz və hərənin özünə sirr bildiyi taleyindən bir xeyli soraq verən şeirləri.
Ancaq yönümüz heç də talelərə tuşlanmayıb. Məqsəd Xatirə xanımın yalnız zərif qadın qələmi ilə yazılmış şeirlərini bütün sadəliyi, təravəti ilə oxucularımızın diqqətinə çatdırmaqdır.
Sirr dedim – zərif sirr! Təkcə bizəmi? Xeyr, elə şairənin özünə də sirdir yaşadığı poetik duyğular. Onun ruhunun dərinliklərindən baş alıb gəlir. Şeir “Bu nədi? ” adlandırılıb: Cəmi üç bənddir: Anlaşıqlı, təbii hisslərin təcəssümü sayılacaq üç bənd:
Sən niyə baxırsan yollara niyə,
Kimi gözləyirsən, gözüm, bu nədi?
Ürəyim, köksümü dağıtma, toxta,
Yoxsa, tükənibdi dözüm, bu nədi?
Müəllif sonrakı bəndləri də məharətlə daxili mənəvi - psixoloji durumunun poetik əksi kimi təqdim edir. Lakin nə sirr açılır, nə cavab alınır. Bu hal - əhval şairənin bütöv yaşamını müşayiət edir, şeirdən - şeirə, bənddən - bəndə, misradan - misraya köçür. Bu baxımdan Xatirə Fərəclinin şeirlərini mənəvi - psixoloji, məhəbbət, təbiət mövzulu şeirlər kimi qruplara ayırmaq olar. Onun daxili dünyasının əsrarlı, bir qədər də nisgilli məhsulu olan “Ovutdun məni, ovutdun”, “Ömrümün”, “Axtarır”, “Ay bacım”, “Qaldı”, “Qatar gözləyirəm”, “İçində” və s. kimi şeirlərini mənəvi - psixoloji, fəlsəfi nümunələr adlandırsaq yanılmarıq.
Kimisinin dünya qədər sevinci,
Kimisinin sevinci var, ay bacım!
Üzə düşüb hamı gülür, danışır,
Kimin kimdən xəbəri var, ay bacım!
Doğru deyilmi? “Ay bacım” rədifli, yenə də həcmcə çox yığcam yazılmış bu şeirdə həyat gerçəkliyindən uğurla söz açılır. Buradakı fikirlər hamımıza necə də tanışdır!
“Yazan yazıb, bəxt önündə biz naçar,
Ahımdan fələyin küməsi uçar.”
Nə gizlədim, dərhal yaddaşımın dərinliklərindən
“Necəsən bir ah çəkəm,
Kür quruya, sal yana”
misraları boylandı. İnsafən, şairənin ifadə tapıntısı xalq dühasından qopmuş bayatıdakı heyrətamiz deyimə yaxın və onun kimi sərrastdır. Şeirin sonuncu bəndindəki
Dünya yoldur, hesabı yox keçənin,
Cavabı yox nə üçünün, necənin.
Yenə zərif bir ürəyin zərif, açılmayan və sonsuz sirlərindən bir soraq!
Yenə də hər kəsi əbədi düşündürən axtarışlar və sorğular aləminə rəğbətləndirən bir dəvət!
Heç də biz insanlar həyatdan hər zaman istədiyimizi ala bilmirik. Hamımıza yaxşı bəlli olan hisslər, duyğular görün şairə tərəfindən necə dilə gətirilir:
Sığındım payıza, qışa, gözlədim,
Baxmadım ömürə, yaşa, gözlədim...
Gözlədim hədərə, boşa gözlədim,
Yollara dikilmək gözümə qaldı.
Lakin bu uzun və boşuna gözləyiş fənalıqla bitmir, sonsuz gözləmə içərisində sonsuz bir dözüm də var:
Gülmədi üzümə bu qarı dünya,
Mənimki yenə də dözümə qaldı.
Xatirə xanımın məhəbbət səpkili şeirləri də uğurludur: Nə etməli, bu kövrək misralar qəmdən yoğrulsalar da, rahat, yerli – yerindədirlər: Sözün məna çalarlarından bacarıqla istifadə olunub:
Bir ömrün səadət payına həsrət,
Yarımı itirmiş, yarıyam indi.
İnanma kimisə xoşbəxt eyləyəm
Kiminsə bəxtinə yarıyam indi.
Əlbəttə, Xatirə Fərəclinin şeirlərini hələ qeyri-adi sənət əsərləri saymaq tezdir. Ancaq onun bədii tapıntılarının zərif bir qadın qəlbinin zərif sirləri olduğunu danmaq qeyri-mümkündür.
Cavankən dünyasını dəyişmiş, şeirləri əbədi cavan qalmış Əli Kərim deyib:
“Heç kim məni başa düşməz
Bəlkə aydınlığımdandır”.
Həqiqətən, aydın və sadə şeir bəzən çətin başa düşülür. Xoşbəxtlikdən Xatirə Fərəclinin şeirləri aydınlığı, sadəliyi ilə yanaşı həm də müəllifinin zərif xanımlığı, qadınlığını nümayiş etdirməsi ilə uğurludur.
OFELYA BABAYEVA
Açar sözlər:
Şərhlər
salam baqishlayin sizin sheyirleriniz meni cox tesirlendirdi kitabiniz cixibmi? eyer cixibsa nece elde ede bilerem vere bilersinizmi?
İyun 13, 2008 11:09Ilk once salam..Sizi tebrik edirem cox gozel serileriniz var.Bir daha tebrik edirem Insallah blogunuzda ugurlu olar.
İyun 17, 2008 16:17
salamlar xatirə xanım
bu gözəl bafı habelə bu güclü və gözəl şeirləri sizə təbrik edirəm.
qaldırım ayaqlarının altında yeni bir blog açıb və sənin ayaqizlərini gözləyirəm orada.
sənin şərhlərin qaldırımı gözəlləndirəcək.
hürmətlə
elyad
sizin yaradıcılığınızla bu blogda daha yaxından tanış olmaq istərəm
öz bloguma da dəvət edirəm
Şeirləriniz kövrəkliyi ilə çəkdi məni. Sizin şeirlərdə umacağı müstəcəb olmayan, həzin və lətif yaşantıları Əlahəzrət Zamanın o biri tayında qalan bir vurğunun intizarı boy verib "qədd-qamət" göstərir. Hə, bir də bu şeirlərdə qaranlıqda çinar altında biri-birinə sığınıb oturmuş sevənlərin üzərinə budaqlar arasından özünə yol tapıb süzülən bir əlçim Ay işığı var
Avqust 18, 2008 8:49



Xatirə xanım şerlərinizi çox bəyəndim!Sizdə bədii duyum xoşuma gəldi.Birdə klassik obrazlı ifadə üsulu sizdə fəlsəfi izah kimi çatdırılır. Ədəbiyyatla bağlı görüşlərimi məmunuyyətlə sizlə bölüşərdim.
İyun 6, 2008 9:59